Alyaskanın cənubunda dağ cığırı ilə gəzinti zamanı qonur ayı qadına hücum edib. CBS News-un məlumatına görə, hadisə iyulun 18-də, şənbə günü baş verib.
Turist qadın rəfiqəsi və üç itlə birlikdə “Ayı vadisi” kimi tanınan dar və kolluq marşrutla hərəkət edərkən ayı ilə qarşılaşıb.
Yırtıcı qadına hücum edib. Daha sonra xilasedicilər onu xəstəxanaya çatdırıblar. Bildirilir ki, qadının aldığı xəsarətlər həyati təhlükə yaratmır.
Alyaska Balıqçılıq və Ov Departamentinin mütəxəssisləri ehtimal edirlər ki, əlverişsiz hava şəraiti səbəbindən ayı turist qrupunun yaxınlaşmasını eşitməyib.
Bundan əlavə, hücum yerinin yaxınlığında sığın cəsədi aşkarlanıb. Mütəxəssislər ayının öz ovunu qorumaq məqsədilə hücum etmiş ola biləcəyini istisna etmirlər.

