Endokrinoloq Yekaterina Yanq artıq çəkidən qurtulmaq və orqanizmi sağlamlaşdırmaq üçün rasiona mütləq daxil edilməli olan üç məhsulu açıqlayıb. Həkim bu barədə Telegram kanalında yazıb. Onun sözlərinə görə, söhbət brokkoli, kök və balqabaqdan gedir.
Mütəxəssis bildirib ki, bu tərəvəzlərin mütəmadi qəbulu artıq çəkinin azalmasına, yuxunun yaxşılaşmasına və orqanizmin lazımsız maddələrdən təmizlənməsinə kömək edir.
Yanq xatırladıb ki, brokkolinin xərçəngə qarşı təsiri uzun müddətdir sübut olunub. Bununla yanaşı, bu məhsul lipidlərin yandırılmasına və iltihabın azalmasına da yardım edir. Həkimin sözlərinə görə, iltihab həm çəki artımı, həm də bədxassəli şişlərin yaranması ilə birbaşa əlaqəlidir.
“İltihab artıq çəkinin əsas səbəblərindən biridir. Bu prosesdə insulin də mühüm rol oynayır”, — deyə Yanq vurğulayıb.
Onun sözlərinə görə, brokkolinin tərkibindəki xrom insulinin stabilləşməsinə və ona həssaslığın artmasına kömək edir.

Endokrinoloq kökün də faydalarına diqqət çəkərək bildirib ki, bu tərəvəz immun sistemini gücləndirir və orqanizmi oksidləşdirici stressdən qoruyur.
Yuxunun yaxşılaşması üçün isə Yanq balqabağın daha tez-tez yeyilməsini tövsiyə edib.
“Balqabağın tərkibində olan triptofan yuxu hormonu olan melatoninin sintezi üçün əsasdır. Məhsulun aşağı qlisemik indeksi triptofanın beyinə çatmasına və yuxunun yaxşılaşmasına şərait yaradır”, — deyə həkim qeyd edib.

