Bioloji aktiv qida əlavələrinin və müxtəlif bitki mənşəli preparatların həkim nəzarəti olmadan qəbul edilməsi qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər.
Tatarıstan Səhiyyə Nazirliyinin baş toksikoloqu Aliyə Nəsibullina “Tatar-inform”a açıqlamasında bildirib ki, xəstələr bəzən tərkibi və təsiri həkimlərə belə məlum olmayan əlavələrdən istifadə edirlər.
Mütəxəssis qeyd edib ki, ev şəraitində hazırlanan bitki qarışıqları, dəmləmələr və xaricdən gətirilən naməlum əlavələr xüsusilə riskli ola bilər.

Onun sözlərinə görə, qara zirə yağı və kapsullarından istifadə edən bəzi pasiyentlərdə ağır qaraciyər zədələnməsi qeydə alınıb.
Toksikoloq vurğulayıb ki, maddələr mübadiləsi pozğunluğu, piylənmə, diabet və ateroskleroz qida əlavələrinin qəbulu üçün ciddi əks-göstərişlərdən sayılır.
Mütəxəssis hər hansı bioloji aktiv əlavənin qəbulundan əvvəl mütləq həkimlə məsləhətləşməyi tövsiyə edib.

