Uşaqların erkən yaşda smartfon və planşetlərdən istifadə etməsi nitqin, xırda motorikanın, təxəyyülün, düşüncənin və diqqətin inkişafına mənfi təsir göstərə bilər.
Ailə psixoloqu Oksana Qaynulina NEWS.ru-ya açıqlamasında bildirib ki, valideynlər çox vaxt yemək hazırlamaq, işləmək və ya bir neçə dəqiqə sakitlik əldə etmək üçün telefondan “köməkçi vasitə” kimi istifadə edirlər.
Mütəxəssisin sözlərinə görə, ilk baxışdan zərərsiz görünən bu vərdişin nəticələri dərhal deyil, müəyyən müddətdən sonra üzə çıxa bilər.
Psixoloq vurğulayıb ki, uşaq həyatının ilk illərində dünyanı ekran vasitəsilə deyil, real təcrübə ilə tanımalıdır: əşyalara toxunmalı, kubiklərdən qüllə qurmalı, plastilinlə oynamalı, rəsm çəkməli və hərəkət etməlidir.
Qadcet qarşısında keçirilən vaxt oyun, fiziki aktivlik və böyüklərlə ünsiyyəti əvəz etməyə başlayarsa, uşağın təbii inkişaf imkanları azalır.
Qaynulina qeyd edib ki, heç bir tətbiq yastıqlardan daxma qurmağı, konstruktorla oynamağı, gölməçələrdə gəzməyi və ya ananın yatmazdan əvvəl oxuduğu nağılı əvəz edə bilməz.

