“Amerikan Pastası” filmlərinin ulduzu Ceyson Biqqs və aktrisa Cenni Mollen uzun illər davam edən evliliklərini bitiriblər.
İki məşhur aktyorun yolları gənclik illərində çəkiliş meydançasında kəsişmiş, qısa müddət sonra aralarında sevgi başlamışdı. Ceyson Biqqs və Cenni Mollen birlikdə baş rolda çəkildikləri “My Best Friend’s Girl” filminin çəkilişləri zamanı tanış olmuş, 2008-ci ildə ailə qurmuşdular.
Cütlüyün bu evlilikdən Sid və Lazlo adlı iki oğlu dünyaya gəlib. Onların uşaqlarının hazırda 12 və 9 yaşlarında olduğu bildirilir.
Ayrılıq xəbərindən təxminən bir il əvvəl Cenni Mollen həyat yoldaşı Ceyson Biqqsin doğum günündə ona sevgisini ifadə etmişdi. O, köhnə fotolarından birini paylaşaraq aktyora belə səslənmişdi:
Bu, sənin sürpriz 30-cu doğum günündən bir fotomuzdur. Evli idik, amma yenə də sənin haqqında demək olar ki, heç nə bilmirdim. Məsələn, sürprizlərə nifrət etdiyini. Xoşbəxtlikdən, bu maneəni aşdıq. 47 yaşın mübarək, söz verirəm, heç nə planlaşdırmamışam.
Uzun illər ərzində birlikdə xoşbəxt görünən, sosial şəbəkələrdə sevgi dolu fotolarını və iki oğulları ilə qurduqları ailə həyatını paylaşan cütlüyün qəfil ayrılığı həm pərəstişkarlarını, həm də Hollywood çevrələrini təəccübləndirib.
Cenni Mollen sonuncu dəfə mart ayında sosial şəbəkələrdə yayılan 90-cı illər trendinə qoşularaq Biqqsin videosunu paylaşmışdı. O, aktyorun “Amerikan Pastası” film seriyasından, qırmızı xalça tədbirlərindən və çəkiliş meydançalarından olan görüntülərindən ibarət paylaşım hazırlamışdı.
Cütlüyün mətbuat nümayəndəsi bir müddət əvvəl açıqlama yayaraq onların ayrıldığını təsdiqləyib. Bildirilib ki, ayrılığa baxmayaraq, tərəflərin münasibətləri yaxşıdır və onlar əsas diqqətlərini oğulları Sid və Lazlonun böyüdülməsinə yönəldiblər.

Məlumata görə, Ceyson Biqqs və Cenni Mollen ötən həftə aktyorun 48-ci doğum gününü birlikdə keçiriblər. Bununla belə, onların ayrıldığına dair şayiələr son doqquz aydır gündəmdə idi.
Cütlük 2008-ci ilin yanvarında nişanlanmış, həmin ilin aprelində isə gizli şəkildə evlənmişdi. Daha sonra onlar 2008-ci ilin iyulunda Kaliforniyanın Napa bölgəsində evlilik andlarını yeniləmişdilər.

Cenni Mollen 2016-cı ildə People jurnalına müsahibəsində evliliklərinin enişli-yoxuşlu olduğunu etiraf etmişdi. O bildirmişdi:
Nəticədə yaxşı yola gedirik, çünki terapevtimiz var.
Ceyson Biqqs də həyat yoldaşının fikrini təsdiqləyərək evlilikdə terapiyanın vacib olduğunu demişdi:
Evli olub terapevtinizin olmaması mümkün deyil. Bunu profilaktik tədbir kimi mütləq etməlisiniz.
Əslində, hər iki məşhur bu evlilikdə çətin dövrlərdən keçib. Birlikdə olduqları illər ərzində onlar Ceyson Biqqsin asılılıq problemləri ilə də mübarizə aparıblar. 2017-ci ildən etibarən bütün asılılıqlarından xilas olduğunu bildirən aktyor həyatını uşaqları üçün qaydaya saldığını qeyd etmişdi.
O, daha əvvəl bu barədə danışarkən demişdi:
Cenni hamilə qalanda bu, mənim üçün bir növ oyanış siqnalı oldu.
Təxminən 20 ilə yaxın davam edən münasibətləri boyunca cütlük təkcə şəxsi həyatda deyil, peşəkar sahədə də birlikdə çalışıb, müxtəlif film və seriallarda rol alıb.

Cenni Mollen 2018-ci ildə verdiyi müsahibədə uğurlu tərəfdaşlıqlarının əsasını yaxşı ünsiyyətdə gördüyünü demişdi:
Tanış olduğumuz vaxtdan bəri cütlük terapiyasına gedirik. Amma məncə, ən vacibi bunun işləməsini həqiqətən istəməkdir. Bunu doğrudan da istəməlisiniz. Əgər vecinizə deyilsə, boşanmaq çox asandır. Çox asandır. Buna görə də həqiqətən motivasiyalı olmalısınız.

