Abşeron rayonunun Saray qəsəbəsində uzun müddətdir təmirsiz qalan küçələrin abadlaşdırılması və asfaltlanması işlərinə başlanılıb.
DenMedia.az xəbər verir ki, artıq bu gün ərazidə ilk küçəyə yeni asfalt örtüyü çəkilib. İşlər Saray qəsəbə bələdiyyəsi tərəfindən təşkil olunub.
Bələdiyyə sədri, şəhid atası Nizami Zalov prosesə şəxsən nəzarət edərək asfalt vurulan ərazidə sakinlərlə görüşüb. O bildirib ki, görülən işlərdən məmnundur və qəsəbə sakinlərinin daha rahat və təhlükəsiz şəraitdə yaşaması üçün bundan sonra da zəruri addımlar atılacaq:
“Qəsəbədə abadlıq və yol infrastrukturunun yaxşılaşdırılması davamlı şəkildə həyata keçiriləcək. Sakinlərin rahatlığı bizim üçün prioritetdir.”
Sakinlər isə küçələrin asfaltlanmasını müsbət qarşılayıb və göstərilən diqqətə görə ölkə başçısına təşəkkürlərini ifadə ediblər. Onların sözlərinə görə, yeni yol örtüyü həm gediş-gəlişi asanlaşdırır, həm də uzun illərdir gözlənilən bir problemin həllinə səbəb olur.
Qəsəbədə abadlıq və asfaltlanma işlərinin növbəti günlərdə digər küçələrdə də davam etdirilməsi nəzərdə tutulur.

