Luici Mancone ABŞ cəmiyyətində böyük rezonans doğuran “UnitedHealthcare” sığorta şirkətinin rəhbərlərindən biri Brayan Tompsonun qətlində federal məhkəmədə günahını etiraf edib. Bu barədə CNN məlumat yayıb.
“Mən cənab Tompsona atəş açdım və o öldü. Cinayət törətdiyimi anlayırdım”, – deyə Mancone məhkəmədə etiraf edib.
O, hərəkətlərinin qanunsuz olduğunu başa düşdüyünü bildirib. Lakin Mancone törətdiyi əməlin yanlış olduğunu düşündüyünü deməyib və peşmanlıq ifadə etməyib.
Qətlin səbəblərindən danışan Mancone bildirib ki, onurğa sütununun sınığından sonra illər ərzində bel ağrılarından əziyyət çəkib. Onun iddiasına görə, səhiyyə və tibbi sığorta sistemləri “həyatını məhv edib”.
Məhkəmə hökmü 18 dekabr 2026-cı ildə elan edəcək. Manconeni ömürlük həbs cəzası gözləyə bilər.

Manconenin sözlərinə görə, o, 2024-cü ilin dekabrında “UnitedHealthcare” tərəfindən investorlar üçün keçiriləcək konfrans barədə məlumat əldə edib. Tədbirin yeri açıq şəkildə elan edilmədiyi üçün o, özünü institusional investor kimi təqdim edərək şirkətin rəhbərliyinə yazıb və əlavə məlumat əldə edib. O, həmçinin tədbirdə kimlərin iştirak edəcəyini araşdırıb.
Mancone daha sonra 3D printerdən istifadə etməklə tapança hazırladığını və silaha səsboğucu quraşdırdığını bildirib.
2026-cı ilin yanvarında ABŞ federal hakimi Marqaret Qarnett Luici Manconenin ölüm cəzasına məhkum edilməməsinə qərar verib.
Qətl 2024-cü ilin dekabrında Nyu-Yorkda baş verib. Brayan Tompson ABŞ-ın ən böyük tibbi sığorta şirkətlərindən biri olan UnitedHealthcare-nin baş direktoru idi. Şirkət UnitedHealth Group şirkətlər qrupuna daxildir.

