Böyük Britaniyanın Baş naziri Endi Bernem Ağ Evin aparat rəhbəri Suzi Uayls kimi özünü təqdim edən fırıldaqçılarla mesajlaşma aparıb. Bu barədə “Politico” vəziyyətdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin dörd mənbəyə istinadən yazdığına görə, Bernem baş nazir vəzifəsinə gəldikdən sonra Uayls olduğunu iddia edən şəxslə yazışıb. Daha sonra baş nazir qarşı tərəfin fırıldaqçı olduğundan şübhələnməyə başlayıb.
Məlumata görə, bir neçə mesajdan ibarət yazışma Bernemin iyul ayında baş nazir vəzifəsinə başlamasından sonra baş verib. Bununla belə, yazışmalarda mühüm məsələlər müzakirə olunmayıb.
Dauninq-stritdən bildirilib ki, hökumət “milli təhlükəsizlik məsələləri ilə bağlı şərh verməyəcək”.
ABŞ Prezidenti Donald Tramp isə bazar ertəsi Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bu hadisədən xəbərdar olmadığını bildirib.
“Politico” Bernemlə bağlı məlumatı dərc etdikdən sonra daha bir diqqətçəkən məqamı üzə çıxarıb. Nəşr açıq mənbələrdə üç britaniyalı nazirin telefon nömrələrinin yayımlandığını müəyyən edib.
Söhbət müdafiə naziri Ues Stritinq, ədliyyə naziri Aleks Norris və Şimali İrlandiya məsələləri üzrə nazir Kris Brayantdan gedir.
Nəşr nazirlərin şəxsi telefon nömrələrini konkret olaraq harada aşkarladığını açıqlamayıb.

