Böyük Britaniyada 66 yaşlı kişi 28 il əvvəl törətdiyi qətli etiraf edib. Bu barədə “Daily Mail” məlumat yayıb.
33 yaşlı, yeddi uşaq anası Patrisiya Leşli sonuncu dəfə 1998-ci ilin sentyabrında Qərbi Midlend qraflığının Dadli şəhərindəki evinin yaxınlığında görülüb. Şəhərə yeni köçməsinə baxmayaraq, qadının geniş tanışlıq dairəsi olduğu və ictimai həyatda fəal iştirak etdiyi bildirilir. Onun yoxa çıxmasından sonra aparılan araşdırmalar uzun illər nəticə verməyib.
İşdə dönüş nöqtəsi 2026-cı ilin iyulunda baş verib. Polis dindirilməsi zamanı 66 yaşlı Trevor Dankli Patrisiya Leşlini 22 sentyabr 1998-ci ildə qaçırdığını və öz evində öldürdüyünü etiraf edib.
“Daily Mail”in məlumatına görə, Dankli qadının qalıqlarını bir müddət evinin zirzəmisində saxlayıb. Təxminən bir il sonra başqa evə köçərkən isə qalıqları zibil konteynerlərinə atdığını bildirib. Həmin vaxt bu, heç kimin diqqətini çəkməyib.
Cinayətin motivi hələ də məlum deyil. Polis Danklinin 2026-cı ilin iyulunda hansı səbəbdən dindirilməyə çağırıldığını açıqlamayıb. İstintaqçılar bildiriblər ki, Patrisiya Leşlinin tanışlıq dairəsinin yenidən araşdırılması nəticəsində yeni ipucları əldə olunub. Danklinin də qadını tanıdığı müəyyənləşdirilib.
Sentyabrın 11-də Trevor Dankli qətldə təqsirli bilinib. Onun barəsində hökmün noyabrın 6-da elan olunacağı gözlənilir.

