Yuxu çatışmazlığı arıqlama prosesini çətinləşdirə bilər.
Bu barədə Lenta.ru-ya açıqlamasında qidalanma davranışı üzrə psixoloq Yuliya Kamoyeva bildirib.
Onun sözlərinə görə, xroniki yuxusuzluq orqanizmdə hormonal dəyişikliklərə səbəb olur və bu da çəkiyə təsir göstərə bilər.
Kamoyeva qeyd edib ki, müasir qadınlar orta hesabla gündə 5-6 saat yatır. Belə rejimdə aclıq hormonu kimi tanınan qrelin artır, toxluq hissinə cavabdeh olan leptin isə azalır.
“Pasiyentlərim arasında elələri olub ki, çəkiləri yalnız yuxu rejimini normallaşdırdıqdan sonra azalmağa başlayıb. Hətta qidalanmada dəyişiklik etmədən”, — deyə psixoloq bildirib.
Mütəxəssis əlavə edib ki, artıq çəkinin digər səbəblərindən biri də emosiyaları yeməklə kompensasiya etmək ola bilər. Onun sözlərinə görə, bu davranış mexanizmi çox vaxt uşaqlıqda formalaşır və dəyişdirilməsi üçün insanın öz üzərində işləməsi tələb olunur.

