Hər kəsin yay tətilindən, dənizdən və günəşdən zövq aldığı bir vaxtda, bəzi insanların özünü bədbəxt, aqressiv və tükənmiş hiss etməsi təkcə "isti hava" ilə izah olunmur. Psixologiyada və tibbdə buna "Yay Mövsümi Affektiv Pozuntusu" (Summer SAD) deyilir. Bir çoxları depressiyanı yalnız qışın qaranlıq günləri ilə əlaqələndirsə də, statistika göstərir ki, mövsümi depressiyadan əziyyət çəkənlərin təxminən 10%-i bu vəziyyəti məhz yayda yaşayır.

Elmi araşdırmalar yay aylarında psixoloji gərginliyin artmasını bir neçə ciddi bioloji və sosial faktorla əlaqələndirir:
-
Melatonin və Serotonin disbalansı: Günlərin uzun olması və həddindən artıq intensiv günəş işığı bədəndə yuxu hormonu olan melatoninin ifrazını gecikdirir. Nəticədə xroniki yuxusuzluq (insomniya) və bioloji saatın (sirkad ritminin) pozulması baş verir ki, bu da birbaşa depressiv hissləri tətikləyir.
-
İstilik və Aqressiya: Yüksək temperatur və rütubət bədən temperaturunu tənzimləyən kimyəvi maddələrin işinə təsir edir. Qış depressiyasından fərqli olaraq (hansı ki, çox yatmaq və enerji azlığı ilə xarakterizə olunur), yay depressiyası insanda aşırı həyəcan, aqresiyya, iştahsızlıq və çəki itkisi ilə özünü büruzə verir.
-
"Məcburi Xoşbəxtlik" Təzyiqi: Sosial şəbəkələrin və cəmiyyətin yaratdığı "mükəmməl yay tətili" stereotipi insanda gizli bir stress yaradır. Hər kəsin əyləndiyini görən fərd, öz həyatını sorğulamağa başlayır və "mən niyə hamı kimi xoşbəxt deyiləm?" sualı altında psixoloji çöküş yaşayır.
Mütəxəssislər bildirirlər ki, yay aylarında özünü pis hiss edən şəxslər ilk növbədə sosial şəbəkə izlənməsini məhdudlaşdırmalı, yuxu gigiyenasına diqqət etməli və ən əsası – bu hisslərin tamamilə normal və bioloji əsası olan bir proses olduğunu qəbul etməlidirlər.

