Köhnə hamam liflərində dəri yağı, ölü dəri hüceyrələri və sabun qalıqları toplanır. İnfeksionist Olqa Stolyarova “RİAMO”ya açıqlamasında bildirib ki, bu mühit çoxsaylı təhlükəli bakteriyaların, göbələklərin və kifin çoxalması üçün əlverişlidir. Həkim lifləri hamam otağındakı ən çirkli əşyalardan biri adlandırıb.
“Bakterial infeksiyalar arasında liflərdə ən çox qızılı stafilokok və göy-yaşıl irin çöpü çoxalır. Onlar tük follikullarının iltihabı olan follikulitə, streptodermiyaya və aknenin kəskinləşməsinə səbəb ola bilər”, – deyə Stolyarova bildirib.

Onun sözlərinə görə, liflərdə mikozlara, yəni göbələk infeksiyalarına, həmçinin Candida cinsindən olan mayayabənzər göbələklərə və müxtəlif dermatofitlərə də rast gəlinə bilər. Bu mikroorqanizmlər dəri göbələyi, ayaq və bədən göbələyi kimi problemlərə səbəb ola bilər.
Mütəxəssis əlavə edib ki, eyni lifdən bir neçə nəfərin istifadə etməsi də risk yaradır. Dəridə yaranan xırda zədələr vasitəsilə insan papilloma virusu və ya kontagioz molyusk kimi infeksiyalar ötürülə bilər.
Kontagioz molyusk zamanı dəridə adətən ortasında çökəklik olan, yarımkürə formalı xoşxassəli düyünlər əmələ gəlir.

