Yuxululuq, yorğunluq, depressiyaya meyillilik, tez-tez xəstələnmə, halsızlıq, yaraların gec sağalması və dərinin quruluğu orqanizmdə D vitamini çatışmazlığının əlamətləri ola bilər. Bu barədə terapevt Sancar Yunusov bildirib.
Mütəxəssis vurğulayıb ki, bu əlamətlər müşahidə edildikdə həkim təyinatı olmadan vitamin qəbuluna başlamaq olmaz.
Onun sözlərinə görə, analiz vermədən D vitamini qəbul etməyə başlamaq düzgün deyil. Çünki oxşar simptomların səbəbi əslində qalxanabənzər vəz və ya qaraciyərlə bağlı problemlər ola bilər.

Terapevt bildirib ki, D vitamini çatışmazlığı daha çox artıq çəkisi olan insanlarda müşahidə edilir. D vitamini yağda həll olunan vitamin olduğundan yağ toxumasında toplana və orqanizm üçün əlçatmaz qala bilər. Buna görə də orqanizmdə yağ faizi nə qədər yüksəkdirsə, eyni miqdarda D vitamini qəbul edildiyi halda belə onun qandakı səviyyəsi bir o qədər aşağı ola bilər.
Mütəxəssisin sözlərinə görə, qaraciyərin piylənməsindən və hipotireozdan əziyyət çəkənlər, vaxtının böyük hissəsini qapalı məkanlarda keçirən insanlar, eləcə də yaşlılar da D vitamini çatışmazlığı baxımından daha həssas qruplara daxildir.

