Avropa İttifaqı (Aİ) Ukraynaya təxminən 3 milyard avro məbləğində yeni maliyyə yardımının ayrılmasını təsdiqləyib.
Bu barədə Aİ Şurasının rəsmi saytında məlumat verilib.
Bildirilib ki, vəsait “Ukraine Facility” proqramı çərçivəsində səkkizinci müntəzəm ödəniş olaraq Kiyevə təqdim ediləcək. Məbləğin təxminən 800 milyon avrosu ilk dəfə Ukraynaya dəstək krediti hesabına ayrılacaq.
Maliyyə yardımının təsdiqlənməsi Ukraynanın proqram üzrə nəzərdə tutulan 10 hədəfi uğurla yerinə yetirməsi ilə əlaqələndirilib.
İndiyədək Kiyev 95 hədəfdən 84-nə nail olub ki, bu da təxminən 88 faiz təşkil edir.
Vəsait Ukraynanın makromaliyyə sabitliyinin qorunmasına, ölkənin bərpasına, dövlət qurumlarının fəaliyyətinin davam etdirilməsinə və islahatların həyata keçirilməsinə yönəldiləcək.
Bununla yanaşı, Norveç Ukraynaya 1 milyard Norveç kronu (təxminən 92 milyon avro) məbləğində geri qaytarılmayan maliyyə yardımı ayıracaq.
Qeyd edək ki, 2024-cü il martın 1-dən qüvvədə olan “Ukraine Facility” proqramı 2027-ci ilədək Ukraynanın bərpası və modernləşdirilməsi üçün 50 milyard avrodan artıq qrant və kreditin ayrılmasını nəzərdə tutur.
Səkkizinci ödənişdən sonra Ukraynanın 2024-cü ilin ortalarından etibarən proqram çərçivəsində aldığı ümumi vəsait 32 milyard avronu keçəcək.

