ABŞ Konqresi Mərakeşdən İspaniyanın Seuta şəhərinə kütləvi miqrant axınından iki həftə əvvəl bu ölkəyə 40 milyon dollar ayrılmasını nəzərdə tutan qanun layihəsi qəbul edib.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Kentukki ştatından respublikaçı üzvü Tomas Massi “X” sosial şəbəkəsində məlumat verib. O, qanun layihəsinin fotolarını və müvafiq komitənin hesabatını paylaşıb.
Massinin sözlərinə görə, sənəddə Seuta və Melilyanın “Mərakeş ərazisində yerləşən və Rabatın uzunmüddətli iddialarının predmeti olan İspaniya şəhərləri” kimi xarakterizə edilməsi diqqət çəkir.
Konqresmen belə bildirib:
“Mərakeşdən olan miqrantların Seutaya daxil olmasından iki həftə əvvəl Konqresdəki respublikaçılar Mərakeşə 40 milyon dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdilər.”
Massi əlavə edib ki, onun bu açıqlamaları sosial şəbəkədə tənqidlə qarşılanıb. Siyasətçi həmin reaksiyaların arxasında ABŞ Dövlət Departamentinin dayandığını iddia edib.

