Şişkinlik çox vaxt qidada duzun artıq olması və ya kifayət qədər su qəbul edilməməsi ilə əlaqələndirilir. Lakin onu başqa amillər də yarada bilər. Bunu Coral Club nutrisioloqu Anna Pedoriç xəbərdar edib. O, güclü şişkinliyin ilk baxışda nəzərə çarpmayan səbəblərini “Lenta.ru”ya açıqlayıb.
Pedoriç şişkinliyin gizli səbəblərindən biri kimi orqanizmdə hormonal dəyişiklikləri göstərib. Məsələn, xroniki stress zamanı kortizol hormonunun səviyyəsi yüksəlir və bu, damar divarlarının keçiriciliyini artırır. Nəticədə arterial təzyiqi, qan həcmini və orqanizmdə su balansını tənzimləyən sistem aktivləşir.
Mütəxəssisin sözlərinə görə, bu proses mayenin damarlardan toxumalara daha asan keçməsinə və orqanizmdən daha çətin xaric olunmasına səbəb olur. Nəticədə, xüsusilə üz və ətraf nahiyələrində şişkinlik hissi yaranır.
Bundan əlavə, şişkinlik vazopressin hormonunun səviyyəsinin artması ilə də bağlı ola bilər. Nutrisioloq izah edib ki, bu hormon böyrəklər vasitəsilə xaric olunan mayenin miqdarını tənzimləyir. Vazopressinin səviyyəsi artdıqda böyrəklər suyu daha fəal şəkildə saxlayır və bu da şişkinliyə gətirib çıxarır.
Pedoriç xəbərdarlıq edib:
Bu prosesə əlavə olaraq cinsi hormonlar da təsir göstərir. Estrogenlər natriumun və mayenin yenidən sorulmasını gücləndirə bilər. Buna görə də menstrual dövrün ikinci fazasında bir çox qadında şişkinliyə meyil yaranır. Məsələ ondadır ki, estrogen və progesteron səviyyəsindəki dəyişikliklər damarların keçiriciliyinə və mayenin toxumalarda paylanmasına təsir edir.

