Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən ən qədim qəbiristanlıqlardan biri ekoloji fəlakət zonasına çevrilib.
Denmedia.az Xəzər TV-ə istinadən xəbər verir ki, qəsəbə üçün həm mənəvi, həm də tarixi əhəmiyyət daşıyan “Məhəmməd Bağır” qəbiristanlığı tədricən su altında qalır. Vəziyyət artıq kritik həddə çatıb: bir çox qəbir daşları tamamilə suyun altında qalıb, görünənləri isə eroziyaya məruz qalaraq üzərindəki yazılar silinməyə başlayıb.
Yerli sakinlər bildirirlər ki, qohumlarının məzarlarını ziyarət etmək üçün qəbiristanlığa yaxınlaşmaq belə mümkün deyil. Onların sözlərinə görə, problem illərdir davam edir. Əraziyə yüzlərlə maşın qum tökülməsi kimi tədbirlər görülsə də, bu yalnız müvəqqəti nəticə verib.
Sakinlər problemin əsl səbəbinin müəyyən edilməsini və suyun daimi şəkildə kənarlaşdırılması üçün drenaj sisteminin qurulmasını tələb edirlər.
Rəsmi qurumların mövqeyi isə hələlik müəyyən deyil. Böyük şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, məsələ onların səlahiyyətinə daxil deyil və yerli bələdiyyənin məsuliyyətindədir. Maştağa bələdiyyəsi isə məsələ ilə bağlı şərh verməkdən yayınıb – əməkdaşlar telefon danışığını yarımçıq kəsib və daha sonra əlaqəyə çıxmayıblar.

