Bu bayram məktəbli statusu almış uşaqlarımız, tələbə adını yenicə qazanmış gənclərimiz üçün xüsusilə əzizdir. “Bilik günü” şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də əla vaxtdır.
“Den.az” xəbər verir ki, bu sözləri Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev , Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə bilik günü münasibəti ilə keçirlən tədbirdə səsləndirib.
Rayon rəhbəri bildirib ki, vətənimizin suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olanların övladları üçün təhsil müəssisələrində yaradılan hər bir şəraiti görəndə insan qürur və iftixar hissi keçirir. Onlara diqqət və qayğı göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva isə çıxışında bildirib ki, təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. “Bilik günü” kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir.Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir, ümumxalq firavanlığına aparır.
“Bilik günü” münasibəti ilə keçirilən tədbirdə çıxışlar edilib, şagirdlər tərəfindən şeirlər səsləndirilib.
Məlumata üçün bildirək ki, 2023-2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq. Bu tədris ilində 135 000 uşaq birinci sinfə qədəm qoyub, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunub. 2023-2024-cü tədris ili iyunun 14-də başa çatacaq.