Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Məmmədli kənd tam orta məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş geniş və rəngarəng tədbir keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv, valideynlər və şagirdlər iştirak ediblər. Bayram tədbiri məktəbin 4-cü sinif şagirdlərinin hazırladığı maraqlı proqramla yadda qalıb.
Tədbir zamanı şagirdlər vətənə, ailəyə, müəllimə və uşaqlara həsr olunmuş şeirlər səsləndirib, müxtəlif səhnəciklər nümayiş etdiriblər. Musiqi sədaları altında ifa olunan rəqslər isə tədbirə xüsusi rəng qatıb. Uşaqların bir-birindən maraqlı çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Bayram proqramının ən təsirli məqamlarından biri də şagirdlərin öz müəllimlərinə minnətdarlıqlarını ifadə etmələri olub. Uşaqlar müəllimlərə gül təqdim edərək onların zəhmətinə və qayğısına görə təşəkkürlərini bildiriblər. Bu səmimi anlar valideynlər və müəllimlər tərəfindən böyük duyğularla qarşılanıb.
Tədbir boyu uşaqların sevinc və həyəcanı hər kəsin diqqətini cəlb edib. Balacaların üzündəki təbəssüm, səsləndirdikləri şeirlər və nümayiş etdirdikləri istedadlar əsl bayram ab-havası yaradıb. Bir daha aydın olub ki, uşaqların xoşbəxtliyi cəmiyyətin ən böyük mənəvi sərvətidir.
Tədbirin sonunda Məmmədli kənd tam orta məktəbinin direktoru Könül Hüseynova çıxış edərək bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Direktor bildirib ki, uşaqlar ölkənin gələcəyi, sabahın qurucularıdır və onların sağlam, savadlı, vətənpərvər ruhda yetişməsi hər bir müəllimin əsas məqsədidir.
Qeyd edək ki, Məmmədli kənd tam orta məktəbində təşkil olunan bu tədbir uşaqların hərtərəfli inkişafına göstərilən diqqətin və onların xoşbəxt gələcəyinə verilən önəmin növbəti nümunəsi olub.

