ABŞ Maliyyə Nazirliyi LUKOIL International GmbH (LIG) şirkəti ilə əməliyyatların aparılmasına imkan verən 131H saylı ümumi lisenziyanın qüvvədə olma müddətini 22 avqust 2026-cı il tarixinədək uzadıb. Bu barədə ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Sənədə əsasən, göstərilən tarixədək LUKOIL International GmbH ilə müəyyən əməliyyatların aparılmasına icazə verilir. Bununla yanaşı, Rusiya ərazisindəki hesablar və ya Rusiyadakı alıcıların ünvanına pul köçürmələri qadağan olaraq qalır.
İstisna, həmçinin LUKOIL International GmbH-nin 50 faiz və ya daha çox paya sahib olduğu törəmə şirkətlərə də şamil edilir.
ABŞ Maliyyə Nazirliyi əlavə izahatında bildirib ki, bu lisenziya LUKOIL International GmbH-nin özünün və ya ona məxsus əmlakın satışı və ya özgəninkiləşdirilməsi ilə birbaşa əlaqəli əməliyyatlara şamil edilmir.

