Qarpız lətindən jelatinsiz, parlaq və ətirli marmelad hazırlamaq mümkündür. Bunun üçün qarpız ləti, şəkər, pektin və limon suyu kifayətdir. Marmelad qısa müddətdə hazırlanır və nəticədə qarpız dadı hiss olunan yumşaq, rəngli desert alınır.
Hazırlamaq üçün 500 qram qarpız ləti, 400 qram şəkər, 20 qram pektin və ya 1 çay qaşığı agar-aqar, həmçinin 1 xörək qaşığı limon suyu lazımdır.
Əvvəlcə qarpız ləti qabıqdan və tumlardan təmizlənir, blenderdən keçirilərək püre halına salınır. Daha hamar kütlə əldə etmək üçün püre ələkdən süzülür.

Daha sonra qarpız püresi qazana tökülür, şəkərin yarısı və pektin əlavə edilərək qarışdırılır. Qarışıq orta odda qaynama həddinə çatdırılır. Sonra qalan şəkər və limon suyu əlavə olunur.
Kütlə 5-7 dəqiqə ərzində, davamlı qarışdırılaraq qatılaşana qədər bişirilir. Hazır olub-olmadığını yoxlamaq üçün qarışıqdan bir damcı boşqaba tökülür. Əgər damcı yayılmırsa, marmelad kütləsi hazırdır.

İsti kütlə yağlanmış formaya və ya silikon qəliblərə tökülür. Marmelad otaq temperaturunda 2-3 saat ərzində bərkiməyə qoyulur.
Bərkidikdən sonra marmelad kub şəklində doğranır. İstəyə görə şəkər kirşanına və ya kokos yonqarına batırmaq olar.
Hazır marmeladı qapaqlı qabda, soyuducuda saxlamaq məsləhətdir.

